backend

"Qaçqınkom" xətti ilə BÜDCƏ TALANI...



Ölkəmizdə korrupsiyanın olmasını kimsə inkar etmir. Həqiqətən də korrupsiya olmasaydı, deməli, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi də olmazdı.

Eyni zamanda dövlət başçısı özü korrupsiyaya qarşı az qala müharibə elan edib, hər həftə məmurların, icra başçılarının həbsi bunun bariz nümunəsidir.

Ancaq bir məsələni dəqiq müəyyən etməliyik. Elə sferalar var ki, orada korrupsiyanın miqyası ən çox halda 30-40 min, lap çoxu 100 min civarında olur. Amma elə qurumlar var ki, orada korrupsiyanın miqyası artıq 100 minlər deyil, milyonlarla hesablanır. Azərbaycanda belə qurumlardan biri, bəlkə də birincisi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir.

Əslində burada təəccüblü heç nə yoxdur. Söhbət sayı milyonla ifadə edilən qaçqın və məcburi köçkün ordusundan gedir.

Söhbət bu sayda insanlara tikilən binalardan, şəhərciklərdən, qəsəbələrdən gedir. Bu elə böyük bir poliqondur ki, əsl korrupsiya sahəsidir. Və ən dəhşətlisi odur ki, söhbət 3-4 min narazı sahibkardan, yaxud 2-3 min narazı biznesmendən deyil, sayı milyon olan çox həssas təbəqədən gedir. Bunu heç vaxt unutmaq olmaz.

Amma çox təəssüf ki, 4-cü ildir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olan Rövşən Rzayev bu həssas, həm də təhlükəli məsələni, bilərəkdən, bəlkə də bilməyərəkdən qulaqardına vurur.

Rövşən Rzayevin neqativ əməlləri haqqında o qədər yazılıb ki, inana bilməzdik ki, bura nəsə yeni bir epizod əlavə etmək olar.

Bu gün eşitdiyimiz bir məsələ isə bizi dəhşətə gətirdi.

Deməli, Rövşən Rzayev qaçqınlara 5 manata kart satırmış.

Təsəvvür edirsiniz, yuxarıda qeyd etdiyimiz kimi qaçqınların hesabına milyonlar qazanan Rövşən Rzayev qaçqınlara 5 manata kart satır.

Söhbət qaçqın ailəsinə verilən müavinətlərin, el arasında çörək pulu deyilən məbləğin köçürülməsi üçün lazım olan kartdan gedir.

İndi özünüz düşünün, bu adam əgər qaçqınların 5 manatına tamah salırsa....Bu məqamda cənab Prezident İlham Əliyevin sözü yada düşür: “Xalqdan qorxmursunuz, barı Allahdan qorxun”.

Məlumat üçün qeyd edək ki, Rövşən Rzayev sədr olanadək həmən kart qaçqınlara pulsuz verilib. Rövşən Rzayev sədr olandan sonra özünə yeni biznes qurub, kartları qaçqınlara 5 manata satmaq biznesi. Bax, beləcə qaçqınların müsibəti başlayıb.

Bu azmış kimi Rövşən Rzayevin göstərişi ilə 2018-ci ildən bu günədək, yəni 4 il müddətində qaçqınlara verilən kartların pulunu cəm halda, yəni 4 x 5 = 20 manat pulu birdəfəyə tutur.

Birincisi, dövlətin qaçqına verdiyi müavinətdən komisyon pulu tutulmaz, cənab Rzayev. Bunun adı müavinətdir, başa düşmürsən ?

İkincisi, niyə 4 il gözləyirdin, hər ilin pulunu vaxtında tutardın. Deyəsən, kasıblamısan, cənab sədr ?

Üçüncüsü, adına çörək pulu deyilən məbləği dövlət verir, bu əməliyyat Kapital bankda həyata keçirilir. Kapital bank dövlətin qaçqınlara verdiyi çörək pulundan faiz tutur, yoxsa komisyon xərci ?

Dördüncüsü, 4 il başın nəyə, hara qarışmışdı ki, indi ayılıb 4 ilin haqq-hesabını edirsən, cənab sədr ?

Ümumiyyətlə, qaçqınlara verilən müavinətlərin mexanizmi düzgün deyil.

Məlumdur ki, Maliyyə Nazirliyi qaçqınların təminatı üçün pul ayırır. Rayon İcra Hakimiyyətlərinin verdiyi siyahıya əsasən Maliyyə Nazirliyi pulu köçürür Qaçqınkoma, oradan isə yenidən icra hakimiyyətinə, yəni bir labirint alınır. Bunu birbaşa etmək olmazdı ? Ki, bu qədər problemlər aradan qalxsın. Əslində bu mexanizm rüşvət və korrupsiya üçün münbit şərait yaradır. Bəlkə də bunu bilərəkdən yaradıblar.

Digər bir ciddi problem isə hansısa məcburi köçkünün mülkiyyəti ( kupça) olduqda ona ayrılan çörək pulunun, müavinətlərin kəsilməsidir.

Bu ciddi diskriminasiyadır. Axı, digər vətəndaşlar kimi qaçqın da gecə-gündüz işləyib, pul qazanıb, hansısa mülk əldə edə bilər. Buna görə, onun müavinəti necə kəsilə bilər ki?

Başa düşmək lazımdır ki, qaçqınlıq və məcburi köçkünlük beynəlxalq qanunlarla tənzimlənən statusdur. Kupça ilə, yaxud ərə getməklə, evlənməklə bunu ləğv etmək olmaz.

Kiminsə 2, yaxud 3 yerdə evi varsa, bu o demək deyil, həmən qaçqının müavinəti ləğv olunmalıdır. Bir daha təkrar edirik ki, bu statusdur. Müavinət həmən qaçqının 2, yaxud 3 evinə görə deyil, 1 evinə görə verilir.

Yaxşı onda bir məsələni aydınlaşdırmağa çalışaq.

Maliyyə Nazirliyi hər bir qaçqına düşən vəsaiti ayırır. Sonradan RİH-nin verdiyi siyahı əsasında Qaçqınkom müəyyən sayda qaçqınların müavinətini, loru dildə desək çörək pullarını kəsir.

Bəs Maliyyə Nazirliyinin həmən qaçqınlar üçün ayırdığı pullar hara getdi ?

Görəsən, son 4 ildə Rövşən Rzayev nə qədər pulu geri qaytarıb?

Ümumiyyətlə, Qaçqınkomdakı maxinasiyalardan, korrupsiya hallarında yazmaqla bitən deyil.

Amma ən maraqlı olan bilirsiniz nədir ?

Bu neçə il müddətində maliyyə naziri Samir Şərifov niyə bircə dəfə Qaçqınkomda yoxlama aparmayıb ?

Maraqlı deyilmi?

Axı, yuxarıda qeyd etdik ki, ölkədə korrupsiya yarışında Qaçqınkom birinci yerdədir.

Bəs necə olur ki, hansısa xəstəxanada, məktəbdə, JEK-də yoxlama keçirilir, rüşvətə görə həbslər olur. Amma Qaçqınkomda nəinki həbslər, heç yoxlama olmur.

Cənab Samir Şərifov, icazə ver, şübhələnək. Bəlkə sən də bunlarla şəriksən ?

Bütün bunlarla bərabər sözün düz, maraqlıdır ki, Rövşən Rzayevin 5 manata ehtiyacı var ?

Axı, yuxarıda qeyd etdik ki, Rövşən Rzayev qaçqınların hesabına milyonlar qazanıb. Onun oğlu Avropada, Almaniyada mənzil biznesi ilə məşğul olur. Görəsən, cavan oğlan milyonlarla pulu haradan alıb ?

Rövşən Rzayevin özünü restoranlar kralı kimi tanıyırlar,

Berlində "Karabakh” ("Qarabağ”) və Kölndə “Old Baku” (“Qədim Bakı”) restoranları komitə sədrinə məxsusdur.

Bunlar hansı pullarla əldə olunub, cənab komitə sədri ?

Bəs, müsahibəndə deyirsən ki, mənim əlavə gəlir mənbəyim yoxdur, maaşla dolanıram.

Maaşla bu boyda sərvəti necə əldə etmisən ? Bu sərvətin mənbəyi nədir ?

İstəyirsən biz mənbəyi göstərək. Rəhbəri olduğun komitədə 2 korrupsiya DƏNİZİ var: Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu və Mənzil İstismar Departamenti.

Fondun direktoru dostunuz və şərikiniz Mahir Abbaszadə, Departamentin direktoru isə ikinci dostunuz və ikinci şərikiniz Səbuhi Əhmədovdur.

Bəli, cənab Rövşən Rzayev, siz komitəyə öz şirkətiniz, biznes sahəniz kimi baxırsınız. Və deyirsiniz ki, maaşla dolanıram.

Rövşən Rzayev, siz Mahir Abbaszadənin əli ilə milyonluq tenderləri hansı şirkətlərə satırsınız ?

Dostunuz və şərikiniz Mahir Abbaszadə 15 milyonluq tenderi kimlərə verdi ? 15 miyondan sizin gəliriniz nə qədər oldu ?

 

Rövşən Rzayev, siz keçən il qaçqın şəhərciyində daxili yolların təmirinə 200 min manat xərcləmisiniz.

200 min manata magistiral yol salırlar ee.

Özü də təmirə və şəhərcik daxili yola 200 min manat.

Rövşən Rzayev!

Sən məcburi köçkün şəhərciyində “besedka”nın tikintisinə 70 min pul xərcləmisən, 1 “besedka” 8 minə başa gəlib

8 min manata “besedka” olar, cənab sədr ?

8 min manata camaat ev tikir, sən də “besedka”.

Dostun və şərikin olan Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov qaçqınlar üçün tikilən mənzillər kimlərə və neçəyə satır ?

Səbuhi Əhmədov qaçqın şəhərciklərində ticarət obyektləri kimi satmadığı ərazi qalmayıb.

Balaxanıneftin keçmiş rəisi olan dostunuz Səbuhi Əhmədov heç neftdən bu qədər qazanmamışdı, ancaq qaçqınların hesabına milyonlar qazanıb. Bu pulları hansı faizlə bölürsünüz ?

Hələ qaçqınları “kupça” vermək adı ilə aldadıb, yüz minlər yığdığını demirik. Bu böyük bir cinayət işidir.

Bəlkə özünə Aparat rəhbəri təyin etdiyin Eldar Zeynalovun əməllərindən danışaq. Azəriqazın keçmiş direktorunu, ixtisasca santexnik olan Eldar Zeynalovu əvvəl status şöbəsinə müdir müavini, sonra isə Aparat rəhbəri təyin etdin.

Cənab Rzayev!

Birincisi komitənin Status şöbəsi sırf hüquqşünasların işidir. Sən ixtisası santexnik olan, qazovşik Eldarı həmən şöbəyə necə müdir müavini təyin etdin ?

Yazının ortasında əbəs yerə sizə başa salmağa çalşırdıq ki, qaçqınlıq beynəlxalq qanunlarla təyin olunan statusdur. Sənin santexnikin, qazovşikin bu məsələləri anlamaz.

Digər tərəfdən, təzə kadrlarının çoxunu SOCAR-dan ( ARDNŞ ) gətirmisən. Xeyir ola, sizdə bu SOCAR sevgisi haradan ?

Bir sözlə, cənab Rövşən Rzayev, qaçqınların hesabına milyonlar qazanırsan, amma “cırıx 5”lik söhbəti edirsən.

Bir də cənab Rzayev!

Sənin başında, beynində ancaq öz şəxsi biznesini idarə etmək fikri-zikri dolaşır, sən dövlət işinə, qaçqınların probleminə vaxt tapa bilmirsən. Ona görə də vaxtında uzaqlaş. Yoxsa...

Yəqin ki, yaxın zamanda Qaçqınkomda da həbslərin şahidi olacağıq. //gundelik-baku//