backend

Dövlət ittihamçısı AXCP fəallarına cəza istəyib



24SAAT.az “Amerikaninsesi”nə istinadən xəbər verir ki, İyunun 9-də Bakı Apellyasiya Məhkəməsinin binasında Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun sədrliyi ilə Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı iş istəyib.

Bu iş üzrə birinci qrupda, - Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Məmməd İbrahim, Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov, Müsəlman Birliyi Hərəkatının 2 üzvü və digər 6 nəfərdir.

Dövlət ittihamçısı çıxışında deyib ki, təqsirləndirilən şəxslərə CM-in 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (özgə əmlakını zədələmə və ya məhvetmə), 233 (ictimai asayişin pozulması) və 315-ci (hakimiyyət nümayəndəsinə (polisə) qarşı zor tətbiq etmə) maddələri ilə verilən ittihamlar məhkəmədə sübuta yetirilib. Söhbət yürüş zamanı bir qrup şəxsin Milli Məclisə daxil olması, parlamentin yaxınlığındakı küçədə polis maşınını aşırması və başqa əməllərin törədilməsindən gedir.

Dövlət ittihamçısı Fuad Qəhrəmanlıya 4 il 6 ay, Ayaz Məhərrəmli və Bəxtiyar İmanova 4 il, digərlərinə isə 3 il 6 ay azadlıqdan şərti məhrumetmə cəzası istəyib.

Hökm 14 iyunda elan olunacaq.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.

Bu cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var. Ötən ilin noyabr-dekabr aylarında həbsdə saxlanılan təqsirləndirilən şəxslərin hamısı polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.

Təqsirləndirilən şəxslərdən 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfəri Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Təqsirləndirilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var. Qalanları bitərəflərdir.

2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir. Onların çoxu inzibati qaydada cəzalandırılıb.

AXCP-nin məlumatına görə, Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 45 nəfər fəalı həbs edilib.

“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.

AXCP və digər bir sıra siyasi qurumlar həbsləri "siyasi sifariş" hesab edir.